Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı
- 17 avqust, 2017
- 02:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 avqust. REPORT.AZ/ Qvatemalada cinayətkar qruplaşmanın üzvləri dəstənin həbsxanadan xəstəxanaya gətirilmiş rəhbərini qaçırmaq üçün müalicə müəssisəsinə hücum edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxtdakı "Ruzvelt" xəstəxanasında baş verib.
Xəstəxananın direktoru Karlos Soto bildirib ki, hücum səhər saatlarında olub. Müalisə müəssisəsinə hücum edən cinayətkar qruplaşmanın üzvləri ətrafa atəş açıblar. Nəticədə 7 nəfər öldürülüb.
Direktorun köməkçisi Marko Antonio Barientos bildirib ki, hücum zamanı 1-i uşaq olmaqla, 12 nəfər xəsarət alıb. O, azyaşlının vəziyyətinin ağır olduğunu deyib. Barientos bundan əvvəl də xəstəxanaya cinayətkarlar tərəfindən hücumların edildiyini və hökumətdən təhlükəsizlik qüvvəsi istədiklərini əlavə edib.
Ölkə polisi hücumda iştirak etdiyi iddia olunan 5 nəfərin tutulduğunu, onların "Mara Salvatruca" cinayətkar qruplaşmasının üzvləri olduğunu açıqlayıb.