Qvatemalada ABŞ səfirliyinin birinci katibinin avtomobili atəşə tutulub

Digər ölkələr
  • 23 iyul, 2018
  • 07:59
Qvatemalada ABŞ səfirliyinin birinci katibinin avtomobili atəşə tutulub

Bakı. 23 iyul. REPORT.AZ/ Qvatemalanın cənubunda yerləşən Eskuintla departamentində ABŞ səfirliyinin əməkdaşlarının olduğu avtomobil atəşə tutulub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı ABŞ səfirliyinin ölkədəki birinci katibi Lourens Pol Ostrovski avtomobildə olub.

Məlumata görə, bir gün əvvəl departamentdə qadının qətlə yetirilməsindən sonra 150 nəfərdən ibarət silahlı qrup yaradılıb və onlar yoldan keçən bütün maşınları yoxlayıb. ABŞ səfirliyinin əməkdaşının olduğu maşın sakinlərin tələblərinə baxmayaraq, dayanmadığından ona doğru atəş açılıb.

Polisin verdiyi məlumata görə, Lourens Pol Ostrovski dərhal hadisə yerindən uzaqlaşdırılıb və iqamətgahına qədər polis tərəfindən müşayiət olunub.

ABŞ-ın Qvatemaladakı səfirliyi hadisəni təsdiqləyib.