Polşanın şimalındakı Dravsko-Pomorski şəhərində ABŞ əsgərləri üçün döyüş təlimi mərkəzi yaradılacaq.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak "Polşa Radiosu" efirində məlumat verib.
"İlin üçüncü rübündə ABŞ ilə Dravsko-Pomorski poliqonunda döyüş təlim mərkəzinin yaradılması barədə saziş imzalayacağıq. O, əsasən amerikalı əsgərlər üçün nəzərdə tutulacaq və ABŞ ordusunun əsgərləri Almaniyaya getmədən öz bacarıqlarını inkişaf etdirə biləcəklər", - M.Blaşak deyib.
Daha əvvəl ABŞ və Polşanın Polşa ərazisində "MQ-9" ABŞ kəşfiyyat pilotsuz uçan aparatlarının eskadrilyasının yerləşdirilməsi barədə razılığa gəldikləri və Birləşmiş Ştatlarının Polşadakı hərbçi kontingentini daha min hərbçi (hazırda 4,5 min nəfərdir - red.) artırmaq niyyətində olduğu bildirilib.