Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı yeni məhkəmə prosesi Parisdə başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Qeyd olunub ki, keçmiş dövlət başçısı “2007-ci il seçki kampaniyasının o zamankı Liviya lideri Müəmmər Qəddafi tərəfindən qanunsuz maliyyələşdirilməsi” işi üzrə mühakimə olunur. 69 yaşlı Sarkozi təqsirli bilinərsə, ona 10 ilədək həbs cəzası və 375 min avroya qədər cərimə təyin edilə bilər. Keçmiş prezidentlə yanaşı, işdə daha 12 nəfər təqsirləndirilir.
Sarkozinin kampaniyasının maliyyələşdirilməsində pozuntular barədə ilk dəfə 2011-ci ilin mart ayının əvvəlində mərhum Liviya liderinin oğlu Seyf əl-İslam məlumat vermişdi. O, “Euronews” telekanalına müsahibəsində Sarkozinin Liviya hökumətindən maliyyə dəstəyi aldığını iddia etmişdi.
“Mediapart” jurnalist araşdırmaları agentliyi 2012-ci ildə Sarkozinin seçki ehtiyacları üçün Qəddafidən 50 milyon avro aldığı iddia edilən bir sıra materiallar dərc edib.
Xatırladaq ki, 2024-cü ildə Sarkozi “nüfuzdan sui-istifadə və istintaqa təzyiq” işi üzrə bir il azadlıqdan məhrum edilib. Keçmiş prezident bu cəzanı yaşayış yerində çəkir.