Nyu-Yorkun qubernatoru Endrü Kuomo Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin öldürülməsi fonunda bütün ştat ərazisində təhlükəsizlik tədbirlərini gücləndirmək barədə göstəriş verib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kuomo özünün “Twitter”dəki səhifəsində yazıb.
"Yaxın Şərqdə artan gərginlik şəraitində mən ştatın bütün ərazisində infrastrukturun əhəmiyyətli obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırdım. Mən Nyu-York aeroportlarında milli qvardiyanı yerləşdirirəm", - Kuomo sosial şəbəkədə yazıb.
Qubernator qeyd edib ki, hələ ki Nyu-York barədə təhlükə mövcud deyil, amma ştat hakimiyyəti "hazırdır və ayıq-sayıqdır".