ABŞ prezidentliyinə namizəd Donald Trampın yaralanması ilə bağlı konspiroloji nəzəriyyələr sosial şəbəkələrdə yayılmağa başlayıb.
“Report” xəbər verir ki, buna “The New York Times” nəşri diqqət çəkib.
Konspiroloji ismarışlar ifrat sağçıların üstünlük veridyi “Gab”, “Truth Social” və “Parler” kimi platformalarda, habelə “X”, “Telegram”, “Facebook” və “Instagram” sosial şəbəkələrində də peyda olub.
Bəzi yazılarda olayda şübhəli bilinən şəxsin “dərin dövlət”lə əlaqəli olduğu bildirilib. Digərlərində onun “Antifa” hərəkatının üzvü olduğunu və ya “transgenderlər adından hərəkət etdiyini” irəli sürülüb. Bəziləri hadisədə solçuları və ya FTB və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri kimi dövlət qurumlarını günahlandırıb.
Nəşr vurğulayıb ki, bu cür yazıların müəllifləri heç bir sübut təqdim etməyiblər. Dezinformasiya üzrə ekspertlər insanları ehtiyatlı olmağa, tələsik nəticələrə varmamağa çağırıb.
Qeyd edək ki, “dərin dövlət” 1950-ci illərdən bəri mövcud olan konspiroloji nəzəriyyədir. Nəzəriyyəyə görə, ABŞ hökuməti daxilində öz xətti və ideologiyası olan müxtəlif səviyyələrdə məmurların geniş şəbəkəsi mövcuddur. Onlar qanunla seçilmiş iqtidar orqanlarından guya yan keçərək fəaliyyət göstərir və onların müdaxilə edə bilir.