Nigeriyanın təhlükəsizlik qüvvələri mütəşəkkil cinayətkar qrupların üzvləri tərəfindən qaçırılan 20 nəfəri azad edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Nigeriyanın Daxili İşlər Nazirliyinin sözçüsü Vasiu Abiodun Nasko bölgəsinin bir sıra kəndlərində silahlı dəstələrə qarşı əməliyyat keçirildiyini bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı quldurların bazası müəyyən olunaraq məhv edilib, çoxlu sayda silah-sursat aşkarlanıb, mütəşəkkil cinayətkar dəstə üzvlərinin istifadə etdiyi motosikletlər götürülüb.
İnsanların dəqiq nə vaxt qaçırıldığı barədə məlumat verilmir.
Qeyd edək ki, ölkənin şimal-şərqi son illər ciddi təhlükəsizlik böhranı ilə üzləşib. Motosiklet sürən quldurlar yaşayış məntəqələrinə basqın edir, insanları qaçırır, soyğunçuluqla məşğul olur, sakinləri öldürürlər.