Nigeriyanın cənub-qərbindəki liman şəhəri Laqosda 21 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 36-ya çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) nümayəndəsi İbrahim Farinloye bildirib.
O, deyib ki, indiyədək binanın dağıntıları altından 33 kişi və 3 qadının meyiti çıxarılıb.
Agentlik rəsmisinin sözlərinə görə, bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Hadisə zamanı 9 nəfər xəsarət alıb.
Qeyd edək ki, hadisə noyabrın 1-də baş verib. Qəzanın başvermə səbəbləri hələ müəyyən edilməyib. Binanın dağıntıları altında qalanların sayı məlum deyil.
Tikintiyə Nəzarət Agentliyinin direktoru Qbolaxan Oki bildirib ki, hökumət 15 mərtəbəli binanın tikintisinə icazə verib, lakin ərazidə 21 mərtəbəli bina tikilib.
Onun sözlərinə görə, artıq podratçı saxlanılaraq məsuliyyətə cəlb edilib.