Göyərtəsində 419 miqrantın olduğu İraq Hava Yollarına məxsus daha bir təyyarə şənbə günü (4 dekabr- Red) Minskdən Ərbilə uçub.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Belarus paytaxtının hava limanının onlayn tablosundakı məlumatlar sübut edir.
Əvvəlki evakuasiya uçuşu dekabrın 2-də həyata keçirilib, Belarusun paytaxtından Ərbilə 427 sərnişin gedib. Ümumilikdə noyabrın 18-dən bəri Belarusdan 2,7 mindən çox miqrant çıxarılıb.
Qeyd edək ki, cari ilin əvvəlindən qaçqınların axışdığı Belarusun Latviya, Litva və Polşa ilə sərhədində miqrasiya böhranı noyabrın 8-də kəskinləşib. Belarus tərəfdən Polşa sərhədinə bir neçə min nəfər yaxınlaşıb, onlardan bəziləri tikanlı məftilli hasarları sındıraraq Polşa ərazisinə daxil olmağa cəhd ediblər.
Daha sonra Polşa ilə sərhədə yaxın Bruzqidəki nəqliyyat və logistika mərkəzində 2 minə yaxın insan yerləşdirilmişdi, hazırda minə yaxın insan orada qalır. Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, bu düşərgədə məskunlaşanlardan əlavə, respublika ərazisində Yaxın Şərq ölkələrindən olan 2-3 min miqrant var.