Minneapolisdə Corc Floydla vida mərasimi keçirilib - VİDEO

Minneapolisdə Corc Floydla vida mərasimi keçirilib - VİDEO ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində həlak olmuş afroamerikalı Corc Floydla vida mərasimi keçirilib.
Digər ölkələr
333
5 İyun , 2020 05:59
Minneapolisdə Corc Floydla vida mərasimi keçirilib - VİDEO

ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində həlak olmuş afroamerikalı Corc Floydla vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimi “ABC News” telekanalı yayımlayıb.

Mərasimlərə qaradərililərin vətəndaş hüquqları uğrunda mübarizə aparan ictimai fəal, keşiş və siyasətçi El Şarpton çıxış edib. O bildirib ki, Corc Floydun taleyi Birləşmiş Ştatlarda afroamerikalıların universal təcrübəsini simvollaşdırır.

Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq, artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.

Orphus sistemi