Merse: Aİ Serbiya üçün danışıqlar klasterini iyulda aça bilər
- 08 iyul, 2026
- 15:55
Serbiya islahatlar sahəsində əsas öhdəlikləri yerinə yetirib ki, bu da onun Avropa İttifaqına (Aİ) daxil olma prosesi çərçivəsində artıq iyulda üçüncü klaster üzrə danışıqlara başlamaq üçün imkan açır.
"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Merse Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası üçüncü klasterin mümkün açılışı kontekstində Belqradın son addımlarına dair öz qiymətləndirməsini Aİ-yə üzv dövlətlərə təqdim edib: "Qiymətləndirməmiz göstərir ki, Serbiya 2024-cü ilin sonunda öz üzərinə götürdüyü öhdəliklərin mühüm elementlərini bu yaxınlarda yerinə yetirib".
G.Merse qeyd edib ki, Avropa Komissiyası məhkəmə islahatlarının həyata keçirilməsində, media tənzimləmə orqanlarının işinin təkmilləşdirilməsində, eləcə də seçki qanunvericiliyinin islahatında irəliləyiş qeydə alıb: "Bunu nəzərə alaraq, komissiya hesab edir ki, üçüncü klaster bu ilin iyulunda açıla bilər, çünki Serbiya bu əsas məsələlər üzrə səy göstərib və hazırda belə bir addım üçün zəruri ümumi balans qorunur".
Bununla yanaşı, o əlavə edib ki, Avropa Komissiyası Serbiyanın islahatları yerinə yetirməsini və onların praktiki şəkildə həyata keçirilməsini diqqətlə izləməyə davam edəcək.