Mart ayında Meksika ərazisindən ABŞ sərhədinin 209 906 qanunsuz pozulma faktı qeydə alınıb. Bu, 220 063 pozuntu halının qeydə alındığı 2000-ci ilin martından sonra maksimum göstəricidir.
“Report” xəbər verir ki, bu barədə AP agentliyi ABŞ dövlət sərhəd xidmətinə istinadən məlumat yayıb.
ABŞ hökuməti sığınacaq axtaran şəxslərin pandemiya səbəbindən ölkəyə buraxılmaması ilə bağlı tətbiq edilən normativin ləğvindən sonra miqrant axının daha da artacağını gözləyir. Sözügedən normativin mayın 23-də ləğv edilməsi planlaşdırılır. Bir sıra siyasətçilər bunun Meksika ilə sərhəddə xaosa səbəb olacağından ehtiyat edirlər.
Xatırladaq ki, 2021-ci ildə ABŞ sərhədçiləri Meksika ilə sərhəddə rekord sayda – 2 milyon miqrant saxlayıblar.