Malayziyanın qərbində tayfunun səbəb olduğu daşqınlar nəticəsində 37 nəfər ölüb, 10 nəfər də itkin düşüb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, ölkə polisinin baş müfəttişi Tan Sri Akril Sani Abdullah Sani ölkənin yarımada bölgəsində 18 080 evdən 68 341 sakinin müvəqqəti sığınacaqlarda yerləşdirildiyini bildirib.
Onun sözlərinə görə, təbii fəlakətdən ziyan görən 7 ştat arasında ən ağır vəziyyət Pahanqdadır. Təbii fəlakət nəticəsində 137 yol bağlanıb, 23 ərazidə suyun səviyyəsi təhlükəli həddə yüksəlib. Daşqınların fəsadlarını aradan qaldırmaq üçün 66 min işçi cəlb edilib.
Baş nazir İsmayıl Səbri Yaqub təbii fəlakət nəticəsində zərər dəymiş infrastruktur və yaşayış evlərinin bərpası üçün 100 milyon ringit (23,6 milyon ABŞ dolları) vəsait ayrıldığını açıqlayıb.
Yerli qurumların məlumatına görə, ölkənin bir sıra bölgələrində bir həftədir davam edən leysan yağışları son 100 ilin ən güclü yağıntılarıdır.