Fransa polisi ölkə prezidenti Emmanuel Makrona hücum işi üzrə şübhəli bilinən şəxslərdən birinin evində axtarış apararkən Adolf Hitlerin “Mein Kampf” kitabının bir nüsxəsini və silah aşkar edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə əsaslanaraq məlumat verib.
“Makrona hücum edərkən videoçəkiliş aparan ikinci şəxsin evində axtarış apardığımız zaman silah və “Mein Kampf” kitabının nüsxəsini aşkar etmişik”, - deyə mənbə bildirib. O, söhbətin hansı növ silahdan getdiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Fransanın cənub-şərqində yerləşən Drom rayonuna səfəri zamanı ölkə prezidenti Emmanuel Makron bir qrup yerli sakinə yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb. Bu zaman şəxslərdən biri qışqıraraq prezidentin üzünə şillə vurub. Mühafizəçilər dərhal dövlət başçısını hadisə yerindən uzaqlaşdıraraq, hücum edən şəxsi və onun cinayət ortağını saxlayıblar. Həmin şəxsləri 3 ilədək həbs və 45 min avro pul cəriməsi gözləyə bilər.
Xatırladaq ki, bu, Fransa prezidentinə ilk hücum hadisəsi deyil. 2011-ci ildə yerli sakinlərdən biri onlara yaxınlaşmış Nikolya Sarkozinin pencəyinin yaxasından yapışıb. Həmin vaxt hücum edən şəxs yarım il şərti həbs cəzası almışdı.