Bakı. 8 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı birlik ölkələrindən iqtisadi miqrantların (qaçqınlardan fərqli olaraq bu insanlar hansısa bir təqibdən, yaxud zorakılıqdan qaçmırlar və öz həyat səviyyələrini yaxşılaşdırmaq məqsədilə başqa ölkələrə üz tuturlar) deportasiyası üçün hüquqi baza hazırlayacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-yə daxil olan 28 ölkənin DİN rəhbərlərinin ikigünlük toplantısına gələn Lüksemburqun xarici və Avropa məsələləri, həmçinin miqrasiya və sığınacaq verilməsi üzrə naziri Jan Asselborn bildirib.
"İlk növbədə biz deportasiya üçün hüquqi baza hazırlamalıyıq. Bundan sonra isə miqrantların qaytarılması qaydalarını konkret olaraq müəyyənləşdirmək üçün onların məxsus olduqları ölkələrlə işləyəcəyik", - Asselborn deyib.
Bir müddət əvvəl Avropa mediası qaçqın statusu verilməyən yüz minlərlə miqrantın yaxın bir neçə həftə ərzində Avropadan deportasiya ediləcəyi xəbərini yaymışdı. Avropa Komissiyası bu məlumatı şərh etməkdən imtina edib.