“Rəsmi London Kiyevin əsas müttəfiqlərindən biri olaraq qalacaq və Boris Consonun ölkənin baş naziri postundan getməsindən sonra da onu silahla təchiz etməyə davam edəcək”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Devid Kuorri “Financial Times” qəzetinə müsahibəsində deyib.
“Biz Ukraynada çox mühüm, aparıcı rol oynamışıq. Biz bunu davam etdirəcəyik. Təbii ki, nazirlərin gələcəkdə qəbul etməli olacaqları qərarları dəyərləndirə bilmərəm, amma görünən odur ki, ölkə bizim artıq oynadığımız və oynamağa davam etdiyimiz rolu tam dəstəkləyir. Bu, bu gün başlamayıb və tezliklə bitəcəyini də düşünmürəm”, - o bildirib.
İyunun sonunda Böyük Britaniyanın Baş naziri Boris Conson rəsmi Londonun Ukraynaya hərbi yardım məqsədilə əlavə 1 milyard funt-sterlinq (indiki məzənnə ilə 1,2 milyard ABŞ dolları) ayıracağını açıqlamışdı. O, Kiyevin həmçinin inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, radioelektron mübarizə üçün innovativ avadanlıqlar alacağını söyləmişdi. Baş nazirin ofisi Britaniyanın Ukraynaya hərbi yardımının ümumi məbləğinin 2,3 milyard funt-sterlinqə (2,8 milyard ABŞ dolları) çatdığını və yalnız ABŞ-ın bu məqsədlər üçün daha çox vəsait göndərdiyini bildirib. 1,5 milyard funt-sterlinq (1,8 milyard ABŞ dolları) dəyərindəki artıq göstərilmiş iqtisadi və humanitar yardımı nəzərə almaqla, 2022-ci ildə Britaniyanın Ukraynaya ümumi yardımı 3,8 milyard funt-sterlinqə (4,6 milyard ABŞ dolları) çatıb.