Bakı. 20 iyul. REPORT.AZ/ Litvanın paytaxtı Vilnüs şəhərində SSRİ vaxtından qalan son heykəllər də sökülüb. Bu barədə "Report" "Anadolu"ya istinadən xəbər verir.
Belə ki, ölkənin Neris çayının üstündəki Yaşıl körpüdə olan və kommunizm dövründən qalma 4 heykəl artıq sökülüb.
1952-ci ildə körpünün üzərində inşa edilən əsgər, fəhlə, fermer və tələbələrin rəmzi olan dörd heykəl Litvanın paytaxtında sovetlər dövrünü təmsil edən ən əhəmiyyətli əsərlər sayılıb.
Şəhər bələdiyyəsi heykəllərin sökülməsinə səbəb kimi son vaxtlar heykəllərin üzərində yaranan çatların getdikcə böyüməsi və yoldan keçənlər üçün təhlükə yaratmasını göstərib.
Ölkədəki siyasi və diplomatik dairələr isə heykəllərin sökülməsinə əsl səbəb kimi Rusiyanın Krımı ələ keçirməsindən sonra iki ölkə arasında artan siyasi və iqtisadi gərginliyi göstəriblər.