Litvada hakim “Vətən İttifaqı – Litva Xristian Demokratları” partiyası növbəti Seym (birpalatalı parlament) seçkilərində məğlub olsa da, uzun müddət qaldığı üçüncü yerdən ikinci yerə yüksəlməyi bacarıb.
“Report” xəbər verir ki, bu, Litvanın Mərkəzi Seçki Komissiyasının saytında onlayn rejimdə yenilənən məlumatlardan bəlli olub.
Komissiyaya Litvanın ən böyük şəhərlərindən məlumatlar daxil olmağa başladıqdan sonra parlament seçkilərinin debütantı olan “Neman üzərində şəfəq” partiyası mövqelərini itirməyə başlayıb. Nəticədə 1 947 məntəqədən 1 834-ündən səslərin hesablanmasından sonra mühafizəkarlar 16,75 % ilə ikinci yerə yüksəliblər. “Neman üzərində şəfəq” partiyası 15,54 % səs toplayıb.
Seym (birpalatalı parlament) 141 deputatdan ibarətdir. Onlar dörd il müddətinə ümumi gizli səsvermə yolu ilə qarışıq sistem üzrə seçilirlər: 71-i birmandatlı dairələrdə majoritar sistem üzrə, 70-i isə partiya siyahıları üzrə. Oktyabrın 27-də seçkilərin ikinci turu keçiriləcək. Bu, namizədlərdən heç birinin 50 %-dən çox səs toplaya bilmədiyi məntəqələrdə lazım olacaq. İkinci turda əvvəlki mərhələnin iki lideri mandat uğrunda mübarizə aparacaq. Bu da Seymdəki qüvvələr nisbətinə təsir edə bilər. Sosial-demokratlar ikinci tura 22, mühafizəkarlar isə 24 namizəd çıxarıblar.