Yuxarı

Kruz və Sanders Viskonsindəki praymerizdə qalib gəlib

Növbəti ilkin seçimlər ABŞ-ın şimal-şərqindəki böyük ştatlarda keçiriləcək

Bakı. 6 aprel. REPORT.AZ/ Texas ştatının senatoru Ted Kruz Viskonsion ştatında partiyadaxili seçkilərdə qələbə qazanıb. "Report" BBC-yə istinadən xəbər verir ki, bu ştatda demokratlar arasında böyük ehtimalla Berni Sanders qalib gəlib.

Beləliklə, hazırkı ana görə Kruz 10 ştatda qələbə qazanıb. Onun əsas rəqibi olan Donald Tramp hələ də liderlik edir, amma son vaxtlar mövqelərini əldən verir. Milyarder namizəd ABŞ-da qanunsuz yolla abort etdirən qadınların cəzalandırılmasını təklif etdikdən sonra qadın seçicilərin əhəmiyyətli bir hissəsini itirib.

Tramp nüfuzuna daha bir zərbə onun kampaniyasının meneceri Kori Levandovskinin qalmaqalıyla vurulub. Belə ki, menecer seçkiqabağı tədbirlərin birində jurnalistə hücum etməkdə ittiham olunur.

"Reuters" agentliyinin aprelin əvvəlində keçirdiyi sorğunun nəticələrinə görə, Kruz və Trampın ölkədəki reytinqi demək olar bərabərləşib. Analitiklər Kruzun qələbəsini Respublikaçılar Partiyasının liderlərinin uğuru kimi qiymətləndirir.

Növbəti ilkin seçimlər ABŞ-ın şimal-şərqindəki böyük ştatlarda keçiriləcək. Bu ştatlarda isə sorğulara əsasən, Tramp kifayət qədər böyük üstünlüyə malikdir.

Qeyd edək ki, Viskonsində Berni Sanders qələbə qazansa da, o, əsas rəqibi olan ABŞ-ın sabiq dövlət katibi Hillari Klintondan xeyli geri qalır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi