Onsuz da yox olmaq təhlükəsi altında olan korsika dili dünyada o dildə danışanların kompakt yaşadığı yeganə yerdə - Korsika adasında qadağan oluna bilər.
“Report”un məlumatına görə, italyan dilinin dialekt forması olan və təxminən 150 min insanın danışıqda istifadə etdiyi korsika dili üçün təhlükə olduğu daha əvvəl UNESCO rəsmiləri tərəfindən qaldırılıb.
Fransanın korsika dili, hələ üstəlik, “korsika xalqı” ifadəsi ilə bağlı apardığı siyasətdən son narazılıq kiçik şəhər olan Bastiyanın məhkəməsinin assambleyada müzakirələr zamanı bu dildən istifadəni qadağan edən qərarı ilə yaranıb. Məhkəmə həm dildən istifadəni, həm də “korsika xalqı” ifadəsini konstitusiyaya zidd hesab edib və əsas kimi Fransa Konstitusiyasının yalnız fransız dilini dövlət dili kimi qəbul etdiyini, ölkədəki xalqın isə yalnız fransız olduğunu təsbit etdiyini göstərib.
Əslində, hansısa bir şəhər məhkəməsinin qəbul etdiyi qərar presedent yaratmasa və dilin daha da sıxışdırılmasına və qadağan olunmasına potensial olaraq yol açmasaydı, Korsikada etirazlara və millətçi siyasətçilərin sərt bəyanatlarına səbəb də olmazdı.
Buna səbəb məhkəmə qərarının adada mərkəzi hökumətin ali nümayəndəsi olan Korsika prefektinin iddiasının ardından qəbul edilməsidir. Hadisələrin bu ardıcıllığı ictimai müzakirələrdə korsika dilinin istifadəsinə qoyulan qadağanın başqa yerlərdə də davam edə biləcəyi ilə bağlı narahatlıq yaradıb.
Maraqlıdır ki, bütün bunlar Fransa Prezidenti Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi ilə bağlı apardığı danışıqlar fonunda baş verir.
Qeyd edək ki, hələ 2018-ci ildə Emmanuel Makron korsika dilinin adada rəsmi status almayacağını açıqlamışdı.
Korsikanın mərkəzi hökumətlə gərgin münasibətlərini nəzərə alsaq, yaşananlar qanunun 150 min insanın milli kimlik hüququndan məhrum edildiyi iddialarına yol açır.