Kopenhagen küçələrini bəzəyən memarlıq abidələri: Başı oğurlanmış heykəl, enerji mənbəyi olan kilsələr - REPORTAJ

Kopenhagen küçələrini bəzəyən memarlıq abidələri: Başı oğurlanmış heykəl, enerji mənbəyi olan kilsələr - REPORTAJ “Əgər səadət üfüqə bənzəyirsə, bu bənzəyiş çatılmazlıqda deyil, bu bənzəyiş ondadır ki, üfüq təki səadətə tərəf gedəndə də biz yeni-yeni aləmlər tapır, təzə-təzə həqiqətlər, doğrular kəşf edirik. Səadət uğrunda, doğru uğrunda çarpışdıqca biz vaxta qalib g
Digər ölkələr
7 Aprel , 2023 12:20
Kopenhagen küçələrini bəzəyən memarlıq abidələri: Başı oğurlanmış heykəl, enerji mənbəyi olan kilsələr - REPORTAJ

“Əgər səadət üfüqə bənzəyirsə, bu bənzəyiş çatılmazlıqda deyil, bu bənzəyiş ondadır ki, üfüq təki səadətə tərəf gedəndə də biz yeni-yeni aləmlər tapır, təzə-təzə həqiqətlər, doğrular kəşf edirik. Səadət uğrunda, doğru uğrunda çarpışdıqca biz vaxta qalib gəlirik” (Anar).

Danimarka dedikdə çoxunun gözündə saraylardan, at belindəki krallardan, qaranlığı rənglərində boğan küçələrdən əvvəl Kopenhagenin simvolu olan “Kiçik Su pərisi” heykəli canlanır. Bu gün milyonlarla turistin Kopenhagenə gəlmə səbəblərinin ilk sırasında dayanan bu kiçik heykəl danimarkalı yazıçı Hans Xristian Andersonun eyniadlı nağılından ilhamlanaraq hazırlanıb.

Bir gün Kral Teatrında nağıl əsasında balet səhnələşdirilir. Həmin baletə qatılan Danimarkanın məşhur pivə şirkəti “Carlsberg”in qurucusu Yakob Yakobsenin oğlu Karl Yakobsen bu tamaşadan olduqca təsirlənir və dərhal sifariş verir ki, belə bir heykəl hazırlansın, hətta balerina Ellen Praysdan heykəlin modeli olmağını xahiş edir, lakin balerina çılpaq şəkildə modelləşdirməyə razı olmur. Ona görə də heykəltəraş Edvard Edikson “Kiçik Su pərisi”nin başını Praysın, bədənini isə həyat yoldaşı Eline Ediksenin bədən fiqurları əsasında hazırlayır. Heykəldə su pərisinin insana çevrilməsi təsvir olunur.

Langelinie limanında qayanın üzərində yerləşdirilən heykəlin açılışı 1913-cü ildə baş tutub və o gündən sonra bu sakit məkana turist axını başlayıb. Lakin 1960-cı ildən sonra heykəl həm də vandalların diqqətini çəkib. Onlar heykəlin qolunu qoparıb, iki dəfə də başını oğurlayıblar. Bu hadisələrdən sonra abidə bərpa edilsə də, ona qarşı vandal hərəkətlər XXI əsrdə də davam edib, üzəri rənglənib, müxtəlif ifadələr yazılıb, son olaraq da 2023-cü il martın əvvəlində heykəl Rusiya bayrağı rənglərinə boyanıb. İlk dəfə Kopenhagendə ucaldılan bu heykəlin hazırda dünyada 13-dən çox bənzəri mövcuddur. Şəhərin suvenir mağazalarında ən çox su pərisi suveniri ilə rastlaşırsınız.

Paytaxtın “The Little Mermaid”dən sonra digər bir simvolu “Rundetaarn” və ya Dairəvi Qüllədir. 35 metr hündürlükdə olan bu qüllə XVII əsrə aid memarlıq nümunəsidir və IV Kristianın göstərişi ilə astronomik rəsədxana kimi inşa edilib. Hazırda bina ziyarətə açıq tarixi abidə, astronomik rəsədxana, sərgi və konsert məkanı kimi fəaliyyət göstərir. Kopenhagenin küçələrində gəzərkən populyar turistik məkan statusunda olmayan tarixi binalarla da qarşılaşmaq mümkündür. XIX əsrə aid Danimarka şəkər fabriki, Karl Yakobsenin şəxsi sənət kolleksiyalarının nümayiş olunduğu “Ny Carlsberg Glyptotek” sənət muzeyi belələrindəndir. Danimarkada turistlərin əsas ziyarət etdiyi muzey isə, şübhəsiz, Danimarka Milli Muzeyidir. 14 min illik Danimarka tarixini əhatə edən və ölkənin ən böyük mədəniyyət tarixi muzeyi olan bu məkanda başqa mədəniyyətlərə aid də eksponatlar mövcuddur.

Kopenhagendə diqqətimi ən çox çəkən iki-üç məkandan biri isə paytaxtda digər bütün tikililərdən həm funksiyası, həm də görünüşünə görə fərqlənən “Kastellet” oldu. Şimali Avropanın ən yaxşı qorunan qalalarından biri olan “Kastellet” 1664-cü ildə inşa edilib. O bir neçə binaya, eləcə də qala kilsəsinə (“Citadel Church”) ev sahibliyi edir. Hazırda ictimai park statusunda olan ərazidə bəzi vaxtlarda müxtəlif hərbi fəaliyyətlər də həyata keçirilir. Park deyəndə bir çoxumuz beynimizdə ancaq yaşıllıq, ağaclar, çəmənlik, gül-çiçək canlandırırıq, ancaq “Kastellet” həmin standartlardan tamamilə kənardır.

Normalda qala deyəndə də hündür, əzəmətli, bir o qədər də ürküdücü və soyuq məkan təsəvvür edirik ki, “Kastellet” o şərtlərlə də düz gəlmir. Onun qapısından içəri addım atanda sanki hərbi hissəyə daxil olursunuz, elə ən başda qapıda dayanan əsgərlər sizə bu hissi ötürür. Belə məkanlar mənə ənənəvi muzeylərdən daha çox muzey təsiri bağışlayır və “Kastellet” mənim üçün əsl hərb muzeyi idi.

Bənzərsiz görüntüyə sahib olan “Kastellet”in ərazisində yerləşən ən qədim tarixi tikililər Cənub və Şimal anbarlarıdır. Onların hər ikisi qalanın təməli qoyulan vaxta aiddir, birində silah, digərində isə taxıl saxlanılırmış. Digər tarixi bina isə 1712-ci ildə inşa edilmiş Barıt Evidir. “Kastellet”dəki Komandir Evi isə 1725-ci ildə ucaldılıb. Bunlardan əlavə, ərazidə Mərkəzi Müdafiə Evi, həbsxana da tikilib. Bu gün Kastelletin ən mühüm parçalarından biri orada yerləşən kilsədir, barokko üslubunda inşa edilib və bu üslubda tikilən digər bütün kilsələrdən çox fərqlidir, həbsxananın düz qarşısında yerləşir, vaxtilə məhbuslar da dini ayinləri eşidib əməl etsinlər deyə onunla həbsxana kameraları arasında səs dəlikləri yaradılıb.

Çox sadə, dəbdəbədən kənar tutulmuş bu kilsədən fərqli olaraq, Kopenhagendə göz qamaşdıran kilsələr də var. Onlardan biri lüteran kilsəsi olan Frederik kilsəsidir. Görünüşü kilsəni anımsatmayan, olduqca maraqlı dizayna malik bu ibadət evi rokoko üslubunda inşasına görə xalq arasında Mərmər kilsə kimi tanınır. Skandinaviyada ən böyük kilsə günbəzinə sahibdir və bu günbəz 12 sütun üzərində dayanır. Danimarkanın görkəmli ilahiyyatçılarının, kilsə xadimlərinin heykəlləri ilə əhatələnib. Qarşısında isə qızıl hərflərlə “Rəbbin sözü əbədidir” yazılıb.

Bunlardan sonra gördüyüm və maraqlı memarlıq nümunəsi hesab etdiyim dini abidə isə Anqlikan kilsəsi oldu. Əsl adı Alban kilsəsi olsa da, xalq arasında o, “İngilis kilsəsi” kimi tanınır. Çünki 1885-1887-ci illər arasında şəhərdə yaşayan ingilis əhali üçün inşa edilib. Alban kilsəsi adlandırılması isə Britaniyanın ilk şəhidi müqəddəs Albanın adı ilə bağlıdır. İngiltərə kilsəsinin Avropadakı yeparxiyasının bir parçasıdır.

Kopenhagenin ən ehtişamlı ibadət evi isə, fikrimcə, Xilaskar kilsəsidir. Şimali Avropanın ən böyük karilyonları ilə məşhur olan bu lüteran kilsəsinin hündürlüyü 90 metrdir, kərpicdən hörülüb. Ziyarətçilərin zirvəyə qaldıran dolama pilləkənlər ona xüsusi gözəllik qatır. Bakıda, 28 May küçəsində yerləşən Xilaskar kilsəsinə həm bənzəyir, həm də heç bənzəmir, amma hər ikisinin enerjisi insanı özünə çəkir. Zirvəsinə baxanda bir anlıq düşünürsünüz ki, ən təpəyə qalxıb əlinizi göyə qaldırsanız, inandığınız Allahla salamlaşa, həmsöhbət ola bilərsiniz, sonra bu düşüncəni içinizdə boğursunuz, ya da içinizdə olan inancınız onu boğur, imkan vermir yeni aləm tapasınız, siz də səadəti hələ ki çatılmaz üfüqə bənzətməyə məcbur qalırsınız.

Son xəbərlər

Orphus sistemi