“Böyük iyirmiliy”in (G20) növbəti sammitinə qalan vaxt azaldıqca Rusiyanın iclasda iştirak edib-etməyəcəyi məsələsi daha fəal müzakirə olunur.
Çünki 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra Qərb dövlətləri buna etiraz olaraq Rusiyanı “Böyük səkkizlik”dən (G8) çıxararaq G7 formatında görüşlər keçirməyə başlayıb və indi eyni halın G20-də də yaşanacağı tam mümkündür.
Ümumiyyətlə, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Moskva ilə əməkdaşlıqdan imtina edən ölkələrin sayı getdikcə artır. Buna misal kimi Rusiya Federasiyasının Avropa Şurasından çıxarılmasını və BMT-nin İnsan Haqları Şurasının martın 1-də Cenevrədə keçirilən iclasında Rusiya xarici işlər naziri Sergey Lavrovun onlayn çıxışı başlar-başlamaz iclas iştirakçılarının zaldan nümayişkaranə şəkildə çıxmasını göstərmək olar.
G20 görüşü ərəfəsində ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiyanın təmsil olunacağı G20 görüşlərində iştirakdan imtina etdiyini açıqlayıb.
“Prezident Bayden açıq şəkildə bildirib ki, Rusiya heç bir maliyyə institutunda həmişəki kimi davrana bilməyəcək. O, Rusiyanın G20-dən xaric edilməsini istədi və mən İndoneziyadakı (hazırda G20-yə sədrlik edir) həmkarlarıma Rusiyanın təmsil olunacağı halda bir sıra görüşlərdə iştirak etməyəcəyimizi açıq şəkildə çatdırdım”, - C.Yellen bildirib.
ABŞ-dan başqa, cümə axşamı keçirilən müntəzəm mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno Yaponiya hökumətinin G7 liderlərinin son birgə bəyanatını diqqətə alacağını vurğulayaraq ölkəsinin G7 ölkələri və G20 sədri İndoneziya ilə sıx əməkdaşlıqda müvafiq addımlar atmaq niyyətində olduğunu bildirib. Xatırladaq ki, həmin bu birgə bəyanatda Ukraynadakı vəziyyətə görə beynəlxalq təşkilatların və çoxtərəfli forumların artıq Rusiya ilə həmişəki kimi əməkdaşlıq etməməsinin zəruriliyi vurğulanır.
Amma G20-nin 2022-ci ildəki sədri olan İndoneziya klubun noyabrın 15-16-da Balidə keçiriləcək sammitinə G20-nin bütün ölkələrini, o cümlədən Rusiyanı dəvət etmək qərarını açıqlayıb.
Bu məsələni şərh edən amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik və hüquqşünas İrina Tsukerman bildirib ki, G20 prinsipcə qlobal problemlərin həllində əməkdaşlıq edən dünyanın iqtisadi cəhətdən qabaqcıl inkişaf etmiş 20 ölkəsindən ibarət olmalıdır və Rusiya Federasiyasının iqtisadiyyatının zəif olduğunu nəzərə alsaq, ümumiyyətlə, onun niyə bu ittifaqın üzvü olduğu sualı yaranır. O eyni zamanda qeyd edib ki, söhbət yalnız ərazilərdən gedirsə, təbii ki, Rusiya uyğundur, lakin Rusiyanın əhalisi o qədər də çox deyil və beynəlxalq ticarətdə iştirak səviyyəsi əsasən xammal və neft-qaz məhsullarına əsaslanır.
“Təəssüf ki, G8-də olduğu kimi, G20-nin təqsirkar üzvlərinin çıxarılmasının dəqiq mexanizmi yoxdur. Ona görə də hələ bir neçə il əvvəl onlar Rusiyanı xaric edərək G7-yə çevrildilər. Bu, ümumi yığımların boykotu, daxili çəkişmələr, maraqların toqquşmasına görə müxtəlif məsələləri həll edə bilməmək kimi yöndəmsiz vəziyyətlər yaradır. Bütün bunlar onu göstərir ki, beynəlxalq təşkilatların köhnə nizamı artıq köhnəlib, daxili məcəllənin pozuntularına görə məsuliyyətin tətbiqinə imkan verəcək yeni strukturlara ehtiyac var”, - İ.Tsukerman deyib.
Sonda ekspert vurğulayıb ki, ümumilikdə indiki vəziyyət böhran vəziyyətidir, lakin bu durumdan G20-nin strukturunda islahatların aparılması üçün istifadə ediləcəyi ehtimalı azdır.