“Hərbi yardımın olmaması Ukraynanı Rusiya ilə danışıqlara razılaşmağa məcbur edə bilər”.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Bildirilib ki, avropalı müttəfiqlər sursat təchizatı ilə bağlı problemlər yaşayır, ABŞ isə müharibə yorğunluğunu nümayiş etdirir: “Bunun nəticəsidir ki, Ukraynadakı cəbhə xətti son 1 ildə dəyişməz qalıb. Bütün bunlar Rusiya Prezidenti Vladimir Putinə şans verə bilər. Xüsusilə, hərbi yardımın olmaması Ukraynanı zəif mövqedən sülh danışıqlarına razılaşmağa məcbur edə bilər. Ən pis ssenari isə budur ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıb keçə bilər. Bu zaman Kremlin danışıqlar üçün əsası olmayacaq”.
Məlumata görə, belə proqnozlar Şərqi Avropa ölkələrinin liderlərini çox qorxudur: “Onlar əmindirlər ki, Rusiya qalib gəlsə, Ukrayna sərhədlərində dayanmayacaq. Amma Qərbdə bu təhlükəni anlamayanlar da var. Estoniyanın Baş naziri Kaja Kallas bəzi müttəfiqlərin müdafiəyə kifayət qədər ciddi yanaşmadığını vurğulayıb. Eyni zamanda, ölkənin xarici işlər naziri Qabrielius Landsbergis əlavə edir ki, yavaş silah tədarükü Ukraynanı danışıqlara məcbur edə bilər. O bildirib ki, yeni tankların, yeni raket sistemlərinin və hətta döyüş sursatlarının çatdırılmaması qələbəyə töhfə ilə bağlı inamı sarsıdır”.
Bildirilib ki, ABŞ Konqresi gələn həftə Ukraynaya yardım paketinin keçməsi qüvvəyə minməsi üçün səyləri bərpa edəcək: “Söhbət Prezident Cozef Baydenin təmin etmək istədiyi 61 milyard dollardan gedir. Digər təhlükə İsraildə cəbhənin genişlənməsidir. Jurnalistlərin fikrincə, bu halda ABŞ artilleriya sursatlarını Yaxın Şərqdəki müttəfiqinə ötürmək məcburiyyətində qalacaq”.
Nəşr yazıb ki, Latviya prezidenti Edqars Rinkeviçin fikrincə, Rusiya ilə razılaşmalar alternativ deyil və atəşkəs yalnız Moskvanı daha güclü edə bilər: “Biz başa düşürük ki, Rusiya uzunmüddətli səylərə hazırdır. Ukraynaya daha uzunmüddətli dəstək üzərində işləməyə davam edəcəyik”.
Qeyd edək ki, daha əvvəl Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenko bildirib ki, Rusiya lazım olduğu qədər mübarizə aparmaqda qərarlıdır. Onun fikrincə, müharibə tərəflərin qarşılıqlı tükənmə mərhələsinə qədəm qoyub.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.