KİV: AK “Microsoft” və “Activision” şirkətlərinin birləşməsi ilə bağlı müqaviləni bloklayacaq
- 16 yanvar, 2023
- 16:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyası (AK) “Microsoft” korporasiyası və “Call of Duty” franşizasına da sahib olan “Activision” nəşriyyatı arasında birləşmə üzrə oyun sənayesinin 69 milyard dollarlıq ən bahalı müqaviləsini bloklamağa hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə “Reuters” AK-dakı mənbəyə istinadən məlumat yayıb.
“Avropa Komissiyası etirazların siyahısını hazırlayır və bu siyahı yaxın həftələrdə “Microsoft”a göndəriləcək”, - agentlikdən bildirilib.
“Etirazlar siyahısı”nın dərci Avropa İttifaqının (Aİ) antiinhisar qaydaları əsasında müqavilənin bloklanmasının birinci mərhələsidir. Daha sonra müqavilənin təşəbbüskarı tənzimləyiciyə adətən müqavilənin parametrlərinin Aİ-nin rəqabət qaydalarına uyğunlaşdırılmasını nəzərdə tutan konkret tədbirləri göstərməklə cavab verməlidir. İllər çəkə biləcək bu “çəkişmə” tamamlanana qədər müqavilə bloklanmış olaraq qalır.
“Activision”un ələ keçirilməsini başa çatdırmaq üçün “Microsoft” Böyük Britaniya və ABŞ-dakı tənzimləyicilərdən oxşar təsdiqlər almalıdır. Bu müqavilənin bloklanmasını tələb edənlərdən biri də “Activision”un rəqibi “Sony Entertainment”dir.