Bakı. 20 sentyabr. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In cənubi koreyalı həmkarına hədiyyə olaraq iki ton matsutake delikates göbələyi verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəhbərinin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, göbələk Seula təyyarə ilə gətirilib və prezident onların Koreya müharibəsi zamanı ayrılmış və hələ də KXDR-də olan qohumları ilə qovuşmayan ailələrə paylanmasına dair göstəriş verib.
Qeyd edək ki, matsutake göbələkləri Yaponiya, Çin, Koreya və Şimali Amerika mətbəxində xüsusilə dəyərlidir. Bu göbələklər toplandıqdan iki-üç gün sonra əmtəə formasını itirir.
Xatırladaq ki, sentyabrın 18-dən 20-dək Pxenyanda tarixdə beşinci (bu il isə üçüncü) Koreya sammiti keçirilib. İlk sammit 2000 və 2007-ci illərdə, sonrakılar isə 2018-ci ilin yazında baş tutub.