Bakı. 6 dekabr. REPORT.AZ/ Fransa hökuməti nümayişçilərin silahlanaraq dövlət çevrilişinə cəhd göstərəcəklərindən narahatdır.
“Report” xəbər verir ki, bu barədə Fransanın BFM TV telekanalı məlumat yayıb.
“Sarı jiletlilər”in dekabrın 8-də Yelisey Sarayı istiqamətində yürüş etmək məqsədilə keçirəcəkləri etiraz aksiyası hökumətin xeyli narahatlığına səbəb olub. Prezident Emmanuel Makronun komandası aksiya iştirakçılarının zorakılığa əl ataraq dövlət çevrilişinə cəhd edəcəklərindən ehtiyatlandıqlarını etiraf edirlər.
“Bunlar qiyamçıdırlar. Dövlət çevrilişi cəhdi göz qabağındadır”, - deyə “Le Figaro” qəzeti Yelisey Sarayının adını çəkmədiyi nümayəndəsinin sözlərindən sitat gətirib. Həmin nəşrə görə, dövlət başçısına çatdırılan məlumata görə, nümayişçilər öldürmək, deputatlara, hökumətə, icra hakimiyyətlərinə, asayiş keşikçilərinə zərbə endirmək üçün silaha sarılmaq çağırışları edirlər.
Yerli KİV həmçinin Prezidentlə Baş nazir arasında ciddi fikir ayrılıqlarının olması barədə məlumat yayıb.