Kaliforniya qubernatoru Qevin Nyusom meşə yanğınları səbəbilə ABŞ-ın bu ştatının beş dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qubernatorun saytında dərc olunan bəyanatda deyilir.
“Yanğınlar səbəbi ilə on min akr ərazi yanıb, evlər məhv olub, minlərlə sakin evakuasiya edilib”, - Q.Nyusom bildirib.
Fövqəladə vəziyyət rejimi Kaliforniyanın mərkəzi hissəsindəki Fresno, Madera və Mariposa dairələrində, eləcə də ştatın cənubundakı San-Bernardino və San-Dieqo dairələrində tətbiq olunur. Kaliforniyada ümumilikdə 58 dairə var.
Qeyd edək ki, ştat başçısı anomal istilər, eləcə də digər dairələr yanğınlar olması səbəbindən avqustun 18-də artıq ştat səviyyəsində fövqəladə vəziyyət tətbiq etmişdi. Bu addım yerli hökumət orqanlarına bəzi əlavə fondlara çıxış əldə etməyə və yanğının nəticələrinin aradan qaldırılması zamanı daha çox mənbədən istifadə etməyə imkan verir. Bu hətta ABŞ Milli Qvardiyasının xilasetmə və ya bərpa işlərinə cəlb olunmasını da mümkün edir. Bundan əlavə, dairə səlahiyyətliləri yanğınlar səbəbilə zəruri olan qida məhsullarını sadələşdirilmiş sxemlə ala bilərlər.