İrlandiya Parlamentinin Xarici Siyasət və Müdafiə Komitəsi Rusiyanın Dublindəki səfirliyinin tərkibini ixtisar etməyi təklif edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu təklif rəsmi Moskvanın İrlandiya rəhbərliyinin 52 əsas nümayəndəsinə və siyasətçisinə qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədar Rusiya səfiri Yuri Filatovun İrlandiya Xarici İşlər Nazirliyinə çağırılmasından sonra verilib.
“İrlandiyanın Rusiyaya qarşı sanksiyaları dəstəkləməsinə görə Rusiyanın İrlandiya hökumətinin əsas üzvlərinin, o cümlədən Baş nazir Mixol Martinin, onun müavini Leo Varadkarın, ədliyyə naziri Helen Makentinin ölkəyə girişini qadağan etməsindən sonra Rusiya səfiri xarici işlər naziri Saymon Koveni tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb”, - Komitənin İrlandiya parlamentinin saytındakı bəyanatında deyilir.
Komitə sədrinin müavini Çarli Fleneqanın sözlərinə görə, Rusiyanın tətbiq etdiyi sanksiyalar fonunda Komitə Rusiyanın İrlandiyadakı səfirliyinin bir sıra əməkdaşlarının ölkə ərazisindən çıxarılmasını tələb edir. “Rusiyanın İrlandiyadakı səfirliyinin əməkdaşlarının sayı İrlandiyanın Moskvadakı səfirliyinin əməkdaşları ilə eyni olmalıdır”, - o vurğulayıb.