İraq Hərbi Hava Qüvvələri paytaxt Bağdad şəhərinin qərbində İŞİD terror qruplaşmasının 6 silahlısını məhv edib.
“Report” xəbər verir ki, bu barədə “Shafaq News” xəbər portalı respublikanın təhlükəsizlik orqanlarının bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, ordu tərəfindən reydlər Ənbar vilayətinin səhra ərazilərindən birində həyata keçirilib.
Radikal qruplaşmanın üzvləri beynəlxalq koalisiyanın kəşfiyyat təyyarəsi tərəfindən izlənilib, bundan sonra alınan məlumat əsasında İraq Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ekstremistlərin gizləndiyi ərazini bombalayıb. Hava hücumundan sonra əraziyə ordu birləşmələri göndərilib, onlar ərazidə digər terrorçuların olub-olmamasını və sığınacaqları yoxlayıblar.
Bundan əlavə, ötən gün İraq hərbi aviasiyası Səlahəddin və Kərkük əyalətlərində İŞİD-in mövqelərinə hücum edərək, silah, sursat və texnikanın olduğu böyük anbarı məhv edib.