Bakı. 29 may. REPORT.AZ/ İsrail hökuməti İsrail-Suriya sərhədinə Bəşşar Əsədə bağlı hərbçilərin yerləşdirilməsinə razılıq verib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İsrailin adının çəkilməsini istəməyən yüksək vəzifəli məmuru bildirib.
Onun sözlərinə görə, İsraillə Rusiya arasında məsələyə dair razılıq ələ edilib: “Həmin razılığa əsasən, İsrail-Suriya sərhədində Bəşşar Əsədə bağlı ordu yerləşdiriləcək. Rusiya vəd verib ki, orada İran hərbçiləri və Livanın “Hizbullah” təşkilatının silahlıları olmayacaq”.
Qeyd edək ki, 2017-ci ildə ABŞ, Rusiya və İordaniya arasında əldə olunan anlaşmaya əsasən, yaradılan İsrail-Suriya demarkasiya xətti də gərginlik zonasına daxildir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 28-də bildirib ki, Suriyanın cənub sərhədindən qeyri-hökumət qüvvələri çıxarılmalı, oraya yalnız hökumət qüvvələri (Bəşşar Əsədə bağlı silahlılar) yerləşdirilməlidir.