İspaniyada zavodda partlayış zamanı xəsarət alanların sayı artıb - VİDEO - YENİLƏNİB-2 - FOTO
- 14 yanvar, 2020
- 22:48
İspaniyanın Tarraqona vilayətində zavodda baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı artıb.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Qeyd edilir ki, kimya zavodunda baş verən hadisə nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb. Təcili yardım xidmətinin yaydığı məlumata görə, 2 nəfər ağır yanıq xəsarətləri alıb. Onların vəziyyəti ağırdır. Xəsarət alanlardan birinin vəziyyəti orta ağırdır. Partlayış zamanı habelə daha 5 nəfər yüngül xəsarət alıb.
"El Mundo" qəzeti isə bildirib ki, hadisə zamanı 1 nəfər həlak olub. Partlayışın başvermə səbəbi barədə məlumat verilmir.
***23:39
İspaniyanın Tarraqona vilayətində zavodda güclü partlayış nəticəsində azı 1 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə yerli "El Mundo" qəzeti xəbər verib.
Qeyd edilir ki, aidiyyəti orqanlar yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərini partlayışın səbəbi və nəticələri barədə məlumat almayınca qapıları və pəncərələri açmamağa və evdə qalmağa çağırıblar. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, ərazidə qatarların hərəkəti dayandırılıb.
***22:42
İspaniyada zavodda güclü partlayış olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Tarraqona əyalətində qeydə alınıb.
Əyalətin mülki müdafiə xidmətinin “Twitter”də yaydığı xəbərə görə, hələlik yaralıların olub-olmaması barədə məlumat yoxdur.
Yerli "El Periodico" qəzeti isə bildirib ki, hadisə zamanı azı 4 nəfər xəsarət alıb.