Bakı. 1 oktyabr. REPORT.AZ/ İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş verən zəlzələdən sonra əyalətdəki üç həbsxanadan azı 1200 məhbus qaçıb.
"Report" TASS-a istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, məhbuslar yeraltı təkanlar nəticəsində həyatlarının risk altında olacağından qorxaraq həbsxanalardan qaçıblar.
Qeyd olunur ki, məhbuslar Palu şəhərindəki və Dunqala regentliyindəki dolu həbsxanaları tərk ediblər. Məlumata görə, 343 nəfərin qaçdığı Dunqaladakı həbsxanada zəlzələ zamanı yanğın başlayıb.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,4 maqnituda gücündə zəlzələ baş verib, təxminən son iki sutkada isə 170 təkrar təkan qeydə alınıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1200-dən çox insan ölüb, yüzlərlə adam ağır yaralanıb. Bundan əlavə, azı 16 min yerli sakin evini tərk etmək məcburiyyətində qalıb, minlərlə evlər, hotellər, ticarət mərkəzləri dağılıb.