Honkonqda polis nümayişçilərə qarşı bibər qazı tətbiq edib
- 01 oktyabr, 2019
- 09:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Honkonqda hakimiyyətə qarşı şüarlar qaldıran radikal ovqatlı nümayişçilərə qarşı polis bibər qazı tətbiq edib.
“Report” CBS-a istinadən xəbər verir ki, Çin Kommunist Partiyasının hakimiyyətə gəlməsinin 70 illiyi qeyd edilən Honkonqda bu gün müxtəlif demokratik qrupların üzvü olan minlərlə qara örtüklü etirazçı “hakimiyyəti xalqa qaytarın” tələbi ilə şəhərin mərkəz küçələrində nümayiş keçirir.
Polis bəndlərini yaran nümayişçilər ən işlək prospektlə yürüş keçirir və Çin əleyhdarı şüarlar səsləndiriblər. Bəzi nümayişçilər şəhərin əsas binalardan birinin üzərinə ildönüm münasibətilə asılmış qırmızı bayrağı cırıblar.
Şəhərdəki gərginliklə bağlı azı 11 metro stansiyasının bağlandığı, hökumət binaları ətrafında təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilir. Vonq Tai Sin bölgəsində polis radikal ovqatlı bir neçə yüz etirazçıya qarşı bibər qazı tətbiq edib. Hazırda şəhərin kənarındakı Tuen Mun bölgəsində də polislə etirazçılar arasında toqquşmalar qeydə alınır. Minlərlə nümayişçi Admiralti bölgəsindəki rəsmi qurumların yerləşdiyi binalara yaxınlaşıb. Burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.