Honduras hakimiyyəti ölkənin eks-prezidentini ABŞ-a ekstradisiya edib
- 21 aprel, 2022
- 22:44
Honduras hakimiyyəti keçmiş prezident Xuan Orlando Hernandesi ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə təhvil verib.
“Report” xəbər verir ki, bu barədə yerli “El Heraldo” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, təhvil vermə prosesi Hernan Akosta aviabazasında baş tutub, eks-prezident təyyarə ilə Nyu-Yorka aparılacaq. Səlahiyyət müddəti yanvarın sonunda başa çatan keçmiş dövlət başçısı ABŞ-da narkotik qaçaqmalçılığında iştirakda ittiham olunur.
Xatırladaq ki, Xuan Orlando Hernandesi fevralın ortalarında Tequsiqalpada saxlayıblar. Bir ay sonra məhkəmə onun ekstradisiyasına qərar verib. Daha sonra Respublika Baş Prokurorluğu siyasətçinin əmlakının, o cümlədən 33 daşınmaz əmlak obyektinin, səkkiz şirkətin və 16 nəqliyyat vasitəsinin müsadirə edilməsi barədə qərar qəbul edib. Keçən il ABŞ-da siyasətçinin qardaşı Xuan Antonio Hernandes narkotik alverinə görə ömürlük həbs cəzasına məhkum edilib.