Hindistanda yük qatarı miqrantları vurub, ölənlər var
- 08 may, 2020
- 04:08
Hindistanın qərb sahilindəki Maharaştra ştatında yük qatarının dəmir yolunda yatan miqrantları vurması nəticəsində azı 14 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ANI agentliyi bildirib.
Agentliyin məlumatına görə, maşinist dəmiryolunda yatan əmək miqrantlarını gördükdə qatarı dayandırmağa çalışıb, ancaq buna müvəffəq olmayıb. Bütün yaralılar Auranqabad xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti haqqında məlumat verilmir.
Hindistanın Ticarət və Sənaye, Dəmir yolları Nazirliyi bildirib ki, hadisənin detallarının araşdırılmasına başlanılıb.
Ölkənin baş naziri Narendra Modi özünün "Twitter" səhifəsində Maharaştra ştatının Auranqabad şəhərində dəmiryolunda insanların həlak olması ilə əlaqədar kədərləndiyini qeyd edib.
"Ticarət və sənaye, dəmir yolları naziri Piyuş Qoyalla danışdım, o, vəziyyəti diqqətlə müşahidə edir. Bütün lazımlı kömək verilir", - baş nazir əminliklə bildirib.