Son 24 saat ərzindəki leysan yağışları zamanı şimşək çaxması nəticəsində Hindistanın şərqindəki Bihar ştatında 17 nəfər ölüb.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, yerli hökumətin bildirdiyinə görə, ötən və bu günlər ştat ərazisində yağan leysan yağışlar nəticəsində Qanq çayında suyun səviyyəsi kritik həddi aşıb, xeyli ərazilər daşqınlara məruz qalıb. Təbii fəlakət bölgələrində axtarış xilasetmə tədbirləri görülür.
Xatırladaq ki, bu il iyun ayının sonundan Cənubi Asiya regionunda tüğyan edən son on ilin ən güclü mussonunun Hindistanın müxtəlif bölgələrində əmələ gətirdiyi leysan yağışları və şimşək çaxmaları, daşqınlar nəticəsində zəmilər və bir çox yaşayış məntəqələri su altında qalıb, insan fəlakəti yaşanıb, nəqliyyatın fəaliyyətində fasilələr yaranıb.