Yuxarı

Hesabat: Asiya dünyada milyonçuların sayına görə liderdir

2025-ci ilədək milyonçuların var-dövləti 100 trilyon dollara qədər arta bilər

Bakı. 23 iyun. REPORT.AZ/ Asiyalı milyonçuların var-dövləti Şimali Amerika, Avropa və digər regionlardan olan milyonçular tərəfindən nəzarət edilən aktivlərin həcmini üstələyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu məqam "Capgemini" şirkəti tərəfindən hazırlanmış planet sakinlərinin rifahı haqqında hesabatda əksini tapıb.

"World Wealth Report"un hesabatına görə, Asiya milyonçuların var-dövləti bir il ərzində 10% artaraq 17,4 trilyon dollar təşkil edib. Şimali Amerikanın milyonçularının toplam varidatı isə 16,6 trilyon dollar olub.

Çində iqtisadi artım sürətinin azalmasına və zəif Yaponiya iqtisadiyyatına baxmayaraq, Asiyada azı 1 milyon dollar dəyərində xalis aktivi olan insanların sayı 4,69 milyondan 5,13 milyona qədər artıb.

"Bu artım templəri davam edərsə, Asiya-Sakit okean regionu çox güman, növbəti onillikdə dominant güc olaraq qalacaq", - hesabatda deyilir.

Ümumiyyətlə, bütün dünya üzrə milyonçular tərəfindən nəzarət edilən aktivlərin ümumi həcmi 60 trilyon dollara yüksəlib. Bu rəqəm isə 30 il əvvəlki göstəricədən dörd dəfə çoxdur.

Hesabatda qeyd edilir ki, 2025-ci ilədək milyonçuların var-dövləti 100 trilyon dollara qədər arta bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi