ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından ən yüksək dövlət postuna namizəd olan Kamala Harris koqnitiv qabiliyyət testindən keçməyə hazırdır və yarışdakı əsas rəqibi Donald Trampın da bunu etməsini istəyir.
“Report” xəbər verir ki, bu barədə o, CBS telekanalının jurnalistlərinə müsahibəsində bildirib.
Harris belə bir testdən keçməyə razı olub-olmayacağına dair suala belə cavab verib: “Əlbəttə. Onun (Trampı nəzərdə tutur – red.) eyni testdən keçməsini tələb edərdim”.
O, Tramp haqqında danışarkən bunları əlavə edib: “Hesab edirəm ki, o, getdikcə daha çox qeyri-sabit olur və daha çox özündə olmur. O, Amerika xalqına öz planını təklif edə bilmədiyi üçün təhqirlərə əl atır”.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Tramp əvvəllər dəfələrlə Harrisin əqli düşüncəsi ilə bağlı şübhə etdiyini bildirib və ona müvafiq testdən keçməyi təklif edib. İyulda o, Harrisin IQ səviyyəsinin çox aşağı olduğunu söyləyib.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-də növbəti prezident seçkiləri keçiriləcək.