Haiti prezidenti Jovenel Moizə sui-qəsdin təşkilinə görə Yamaykada həbs edilən keçmiş Haiti senatoru Con Coel Cozef ABŞ-a ekstradisiya ediləcək.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu iş ilə bağlı saxlanılan 40 nəfərdən bir neçəsi qətlin hazırlanmasında Cozefi “başçı” adlandırıb. Məlum olub ki, cinayətin bilavasitə icraçılarının hərəkət etdiyi avtomobilləri məhz o icarəyə götürüb, həmçinin votsapda qətli müzakirə edib və sui-qəsddən bir neçə saat əvvəl şəxsən ortaqların görüşünü təşkil edib.
Qeyd olunur ki, Cozefin həyat yoldaşı və iki oğlu Yamaykadan sığınacaq istəyib.
Jovenel Moiz ötən il iyulun 7-nə keçən gecə iqamətgahına edilən hücum zamanı öldürülüb. Polisin məlumatına görə, o, ölməzdən əvvəl işgəncələrə məruz qalıb. Prezidentin həyat yoldaşı sağ qala bilib və Mayamidə xəstəxanaya yerləşdirilib.
Prezidentin öldürülməsi ilə bağlı Haiti prokurorluğu ölkənin baş naziri Ariel Anriyə qarşı ittiham irəli sürüb. İstintaqın məlumatına görə, Anrini cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət qədər ittihamedici dəlillər var.