Fukusima prefekturasının sakinlərinə 9,4 milyon dollar ödəniləcək

Fukusima prefekturasının sakinlərinə 9,4 milyon dollar ödəniləcək Senday Şəhər Ali Məhkəməsi “Fukusima-1” AES-də baş vermiş qəzaya görə dövlətin və ölkənin ən böyük energetika şirkəti olan “Tokyo Electric Power”in məsuliyyət daşıdığına qərar verib.
Digər ölkələr
627
30 Sentyabr , 2020 13:08
Fukusima prefekturasının sakinlərinə 9,4 milyon dollar ödəniləcək

Yaponiyanın Miyaqi prefekturasının inzibati mərkəzi olan Senday şəhərinin Ali Məhkəməsi 2011-ci ilin mart ayında “Fukusima-1” atom-elektrik stansiyasında (AES) baş vermiş qəzaya görə dövlətin və ölkənin ən böyük energetika şirkəti olan “Tokyo Electric Power”in (TEPCO) məsuliyyət daşıdığına qərar verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qərar həmçinin kütləvi şəkildə iddia qaldıran Fukusima prefekturasının 3,5 min sakininə 1 milyard yen (9,4 milyon ABŞ dolları) məbləğində təzminat verilməsini də nəzərdə tutur.

Məhkəmənin qərarında qeyd olunur ki, Yaponiya hökuməti və stansiyanın operator-şirkəti faciədən əvvəl güclü sunami olması halı üçün tədbirlər görə bilərdi.

Qeyd edək ki, bu, AES-dəki qəza ilə bağlı dövlətə və TEPCO-ya qarşı qaldırılan iddia üzrə ikinci məhkəmə prosesidir. İşə ilk dəfə 2017-ci ildə Fukusima Rayon Məhkəməsi baxmışdı. O instansiya da dövlətin və enerji şirkətinin məsuliyyət daşıdığına dair hökm çıxarmışdı, lakin təzminatın miqdarı indikindən iki dəfə az idi.

Xatırladaq ki, 2011-ci ilin mart ayında sunami səbəbiylə “Fukusima-1” AES-də  enerji təchizatı və soyutma sistemləri sıradan çıxıb, nəticədə üç reaktorda nüvə yanacağı əriyib, bu da partlayışlar və radiasiya ilə müşayiət olunub. Böyük ərazilərdə atmosfer çirklənməsi qeydə alınıb, 10 minlərlə insan evakuasiya edilib.

Hazırda AES-də ləğvetmə işləri gedir və stansiyanın tamamilə sökülməsi üçün azı 40 il vaxt lazımdır. Bundan əlavə, radiasiyadan əziyyət çəkən ərazilərdə torpağın və müxtəlif obyektlərin dezaktivasiyası davam edir.

Son xəbərlər

Orphus sistemi