Fransada meşə yanğınlarının sahəsi 700 hektara çatıb
- 02 iyul, 2026
- 02:59
Fransanın cənubunda anomal isti hava dalğasından sonra bir neçə iri meşə yanğını baş verib.
"Report" xəbər verir ki, bu barədə Od departamentinin prefekturası məlumat yayıb.
"Yanğın Ero departamentindəki Bofor kommunası yaxınlığında baş verib və Od departamentindəki Sen-Valyer kommunası istiqamətində yayılıb. Hazırda yanğının sahəsi 700 hektar olaraq qiymətləndirilir", - qurumun məlumatında bildirilir.
Yerli vaxtla saat 20:30-a olan məlumata görə, alovun yayılmasının qarşısını almaq mümkün olub. Yanğının söndürülməsinə yanğından mühafizə və xilasetmə xidmətlərinin 280 əməkdaşı, meşə yanğınları ilə mübarizə üzrə 11 ixtisaslaşmış bölmə, altı yanğınsöndürən təyyarə və bir yanğınsöndürən helikopter cəlb edilib.
Bir sıra departamentlərdə artıq yeni yanğın ocaqları qeydə alınıb. Onların söndürülməsi üçün hakimiyyət orqanları yanğınsöndürən aviasiyanı, o cümlədən təyyarə və helikopterləri cəlb edir.
Xatırladaq ki, son günlər Fransada anomal isti hava şəraiti müşahidə edilir.