Fermerlər ərzaq idxalına etiraz olaraq Slovakiya-Çexiya sərhədini bağlayıb

Digər ölkələr
  • 28 fevral, 2025
  • 01:46
Fermerlər ərzaq idxalına etiraz olaraq Slovakiya-Çexiya sərhədini bağlayıb

Avropa İttifaqının dörd ölkəsindən olan fermerlər icmaya üçüncü ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalına etiraz olaraq Slovakiya ilə Çexiya arasındakı sərhədi bağlayıblar.

“Report” xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Slovakiya ilə Çexiya sərhədində, Qoliç şəhəri ərazisində keçirilən etiraz aksiyasında Slovakiya, Çexiya, Avstriya və Macarıstan fermerləri iştirak ediblər. Onlarla traktor və digər kənd təsərrüfatı texnikası ilə sərhədi keçən yolda avtomobillərin hərəkətini əngəlləyiblər.

Agentliyin məlumatına görə, blokada 2 saat davam edib. Polis nəqliyyat vasitələrinin digər marşrutlar üzrə hərəkət edə bilməsini təmin edib.

Fermerlər Aİ-dən Cənubi Amerikanın MERCOSUR ümumi bazarı ilə ticarət müqaviləsinə yenidən baxılmasını tələb edib və Ukraynadan kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalının ləğvini təkid ediblər.

Avropalı fermerlər cənubi amerikalı və ukraynalı fermerlərin birlikdə qüvvədə olan sərt ərzaq malları qaydalarına tabe olmadıqlarını iddia ediblər.

“Baş tutan etiraz aksiyasının əsas məqsədi Aİ-nin xarici siyasətindən və Ukrayna kimi üçüncü ölkələrlə ticarətindən, eləcə də Meksika və Tailandla hazırlanan sazişlərdən narazılığını bildirmək idi”, - Slovakiya Kənd Təsərrüfatı Palatasının sədri Andrey Qaydoş bildirib.