Yunanıstanda koronavirusun yayılmasının qarşısını almaq üçün mart ayının əvvəlindən bağlanan hotellər, yay kinoteatrları, hovuzlar, qolf sahələri və masaj salonları iyunun 1-dən işə başlayır.
“Report” xəbər verir ki, 83 günlük fasilədən sonra yeni iş şəraitinə uyğunlaşdırılan uşaq bağçaları da açılacaq.
Orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclərdə təhsil iyunun 26-dək davam edəcək.
Finlandiyada da iki aydır bağlı olan restoranlar, muzeylər və teatrlar 1 iyun tarixindən fəaliyyətə başlayacaq. Restoranlar yerli vaxtla 06:00-dan 23:00-a qədər fəaliyyət göstərəcək. Lakin spirtli içkilərin satışına yalnız 09:00-dan 22:00-a qədər icazə verilir. Restoran daxilində ən çox ziyarətçi sayı adi günlərdə olan ziyarətçilərin sayının yarısı qədər olmalıdır və müştərilər arasında kifayət qədər məsafə təmin edilməlidir. Bundan əlavə, insanların 50 nəfərlik qrup halında toplaşmasına icazə verilib.
Eyni zamanda Niderlandda koronavirus infeksiyası səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər yüngülləşdirilib. Bazar ertəsi günündən etibarən ölkədə kafelər, barlar və restoranlar, muzeylər, teatrlar və kinoteatrlar fəaliyyətlərini bərpa edəcək. Bundan əlavə, iyunun 2-dən etibarən orta məktəblər açılacaq. Kafe, bar və restoranlar bir sıra şərtlər əsasında işlərini bərpa edə bilər. Beləliklə, eyni otaqda 30 nəfərdən çox şəxs ola bilməz (heyət istisna olmaqla) və insanlar (eyni ailənin üzvləri istisna olmaqla) bir-birlərindən 1,5 metr məsafədə olmalıdır.
Böyük Britaniya hökuməti koronavirusa görə tətbiq olunan məhdudiyyətləri yumşaltmaq üçün plan hazırlayıb. Belə ki, hökumətin atdığı ən əlamətdar addım ümumtəhsil müəssisələrində tədrisin bərpasıdır. Lakin əksər mağazalar iyunun 15-dək bağlı qalacaq. İnsanlar arasında iki metrlik məsafə qorunmaqla eyni binada yaşamayan qohum və dostların görüşünə icazə veriləcək. Ancaq altı nəfərdən artıq şəxs bir yerdə toplaşa bilməz.
İdman yarışları bərpa olunsa da, tamaşaçısız keçiriləcək. Futbol, tennis, at yarışı, “Formula 1” yarışı, kriket, qolf, reqbi və bilyard televiziya ekranlarında yenidən olacaq. Bundan başqa risk qrupuna daxil olan yaşı 70-dən yuxarı olan ölkə vətəndaşlarının evdən çölə çıxmasına icazə veriləcək.