Bakı. 26 may. REPORT.AZ/ "Rusiya Minsk razılaşmasının şərtlərini yerinə yetirməyənə qədər Aİ onlara qarşı tətbiq edilən sanksiyaları ləğv etmək niyyətində deyil".
"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk "böyük yeddiliyin" Yaponiyadakı sammiti ərəfəsində deyib.
"Avropa İttifaqı Rusiyaya qarşı cari siyasətini, o cümlədən iqtisadi sanksiyaları davam etdirəcək. Bu cür mövqe Rusiyanın Minsk razılaşmasının şərtlərini tam həyata keçirməməsindən irəli gəlir. Təəssüf ki, Minsk razılaşmasının şərtlərinin yerinə yetirilməsi məsələsində bir il əvvəl ümid etdiyimizdən çox az irəliləyə bilmişik", - deyə D.Tusk bildirib.
O, həmçinin Rusiya əleyhinə olan sanksiyalarla bağlı qərarın iki-üç həftə ərzində qəbul ediləcəyini və Aİ ölkələrinin liderlərinin sanksiyaların müddətinin uzadılmasına səs verəcəyini gözlədiyini vurğulayıb.