Bakı. 11 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının demokratların nəzarəti altına keçməsindən sonra ona qarşı impiçment elan edilməsi ehtimalından qorxur.
"Report" xəbər verir ki, bu barədə CNN D.Trampa yaxın mənbəyinə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, D.Tramp demokratların parlamentin alt palatasına nəzarət etməyə başladıqdan sonra onu "məsuliyyətə cəlb edə biləcəklərindən" narahatlığını ifadə edib: "Tramp impiçmentin həqiqətən mümkün olduğunu düşünür. Lakin ABŞ lideri bunun baş verəcəyinə əmin deyil".
Digər mənbənin məlumatına görə, ABŞ Prezidenti əksər yerlərin respublikaçılara aid olduğu Senatda mühakimə olunmayacağından əmindir.
Qeyd edək ki, noyabrın 6-da ABŞ-da Konqresə aralıq seçkilər keçirilib. Respublikaçılar Partiyası Senatda nəzarəti əldə saxlamaq üçün 50 yerin lazım olduğu halda 52 yeri özləri üçün təmin ediblər. Amma onlar Nümayəndələr Palatasında çoxluğu itiriblər.