Danimarka şirkəti Suriyaya yanacaq satdığına görə cərimələnib

Digər ölkələr
  • 14 dekabr, 2021
  • 20:45
Danimarka şirkəti Suriyaya yanacaq satdığına görə cərimələnib

Danimarkada Odense Şəhər Məhkəməsi “Dan-Bunkering” şirkətini Avropa İttifaqının qadağasını pozaraq Suriyaya aviayanacaq tədarük etdiyinə görə 30 milyon kron (4,55 milyon ABŞ dolları) məbləğində cərimələyib.

“Report” TASS-a istinadən xəbər verir ki, məhkəmə şirkəti 33 əməliyyat çərçivəsində 648 milyon kron (98,37 milyon ABŞ dolları) dəyərində olan 172 min ton yanacaq satmaqda təqsirli bilib. Ana şirkət olan “Bunker Holding” də 8 əməliyyatda iştirak etdiyinə görə 4 milyon kron (610 min ABŞ dolları) ödəməli olacaq.

“Bunker Holding”in baş direktoru və “Dan-Bunkering”in İdarə Heyətinin sədri Keld Demant dörd aylıq şərti həbs cəzası alıb. Bundan əlavə, 15,6 milyon kronluq (2,37 milyon ABŞ dolları) mənfəətə də “əl qoyulub”.

Məhkəmənin fikrincə, böyük yanacaq partiyaları 2015-2017-ci illərdə satılıb, çatdırılmalar Türkiyədə və Suriya yaxınlığındakı Avropa limanlarında həyata keçirilib. Məhkəmə hesab edir ki, yanacaq şirkətin gəmisi ilə Suriyanın Baniyas limanına göndərilib.

Xatırladaq ki, Avropa İttifaqı xarici işlər nazirlərinin 2014-cü ilin oktyabrında keçirilən iclasında Suriyaya reaktiv təyyarələr üçün yanacaq tədarükünə qadağa qoyulması ilə bağlı qərar qəbul edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti