Daçiç: Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq
- 10 iyul, 2026
- 02:43
Serbiya heç vaxt Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olmayan hər hansı dövləti tanımayıb və heç bir ölkənin ərazi bütövlüyünü pozmayıb.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın daxili işlər naziri İvitsa Daçiç Bolqarıstan mediasının Avropa Parlamentinin (AP) Serbiyanı digər ölkələrin ərazi bütövlüyünü pozmaqda ittiham etməsi ilə bağlı sualına cavabında deyib.
"Aydındır ki, bizim heç bir ölkənin suverenliyini şübhə altına almaq niyyətimiz yoxdur və bunu etmirik. Hansı ölkənin suverenliyinin pozulduğunu nəzərdə tutduğunuzu bilmirəm. Əgər Monteneqro, yaxud Bosniya və Herseqovinanı nəzərdə tutursunuzsa, Serbiya bu ölkələrə qarşı belə bir şey etmir. Serbiyada 11 min bolqar yaşayır, Monteneqroda isə serblərin sayı 30 faizdən çoxdur. Bizim 30 faizdən artıq olan serblərin hüquqları ilə maraqlanmağa və ya Deyton Sazişinin tərkib hissəsi olan Serb Respublikasına diqqət yetirməyə haqqımız yoxdurmu?",- nazir əlavə edib.
O, Kosovonun BMT üzvü olmamasına da diqqət çəkib:
"Yuqoslaviya altı respublikadan ibarət olduğu halda, hansı əsasla kimsə Kosovonu müstəqil dövlət kimi tanımaq hüququna malikdir?! Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq. Əgər siz düşünürsünüzsə ki, biz AP-yə heyranıq, hesab edirəm ki, heç Avropa sakinləri də heyran deyil, bu qitədən kənarda olanlar isə ümumiyyətlə deyil. Qoy onlar öz ölkələrindəki vəziyyətə nəzər salsınlar. Balkandakı böhranın başa çatması onların maraqlarına uyğun deyil, çünki sonra nə ilə məşğul olacaqlar?".
Daçiç onu da vurğulayıb ki, Avropa İttifaqına (Aİ) üzvlük məsələsi şərtlərlə deyil, yalnız siyasi qərarlarla bağlıdır:
"Digər ölkələr Aİ-yə üzv olarkən hansı şərtləri yerinə yetiriblər? Onlar demokratiya nümunəsidir? Bu, siyasət məsələsidir. Kommunist Yuqoslaviyası Aİ-yə assosiativ üzvlük üçün namizəd idi. Hər şey siyasətdir və hər şey yalandır. Biz Aİ-yə daxil olmaq istəyirik, lakin Serbiyanın suverenliyini və ərazi bütövlüyünü itirmək hesabına yox".