Corc Floydun ölümündə ittiham edilən polis məhkəmə qarşısına çıxarılır

Digər ölkələr
  • 07 iyun, 2020
  • 23:46
Corc Floydun ölümündə ittiham edilən polis məhkəmə qarşısına çıxarılır
Corc Floyd və onu saxlayan polis əməkdaşı

ABŞ-da afroamerikalı Corc Floydun ölümündə ittiham edilən polis bu gün – iyunun 8-də məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, polis əməkdaşına qarşı ikinci dərəcəli qətl - ilkin niyyətsiz qəsdlə törədilmiş qətl maddəsi üzrə ittiham irəli sürülüb.

Bundan əvvəl ona qarşı irəli sürülmüş ittiham daha yüngül idi, lakin ittiham sonra sərtləşdirilib.

Floydun saxlanılmasında iştirak etmiş digər 3 polis əməkdaşı isə qətlə köməkçilikdə və təhrikçilikdə ittiham edilirlər.

Onlar iyunun 29-da məhkəmə qarşısına çıxarılacaqlar.

Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq, ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilib. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti