Çində dövlət müəssisəsinin sabiq başçısı korrupsiyaya görə partiya sıralarından kənarlaşdırılıb, aktivlərinə həbs qoyulub
- 15 oktyabr, 2018
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 oktyabr. REPORT.AZ/ Çində Kommunist Partiyası Komitəsinin keçmiş katibi, ölkənin aktivlərin idarəedilməsi üzrə ən böyük şirkəti olan "China Huarong Asset Management Co., Ltd"nin İdarə Heyətinin sədri Lay Syaomin partiya intizamı və qanunvericiliyi ciddi şəkildə pozduğuna görə partiya sıralarından kənarlaşdırılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının Mərkəzi İntizam Təftiş Komissiyasının bəyanatında deyilir.
Komissya araşdırma nəticəsində Lay Syaominin siyasi intizam və qaydaları ciddi şəkildə pozduğunu ortaya çıxarıb. Qeyd edilir ki, o, müxtəlif siyasi avantüralarda iştirak edib, müxtəlif şəxslərin xidməti yüksəlişinə yardım edib, təftiş və yoxlamaların keçirilməsinə mane olub. "China Huarong"un sabiq başçısı bahalı hədiyyələr, o cümlədən böyük məbləğdə pullar qəbul edib, bahalı restoranlarda və klublarda qeyri-qanuni ziyafətlər təşkil edib, xidməti mövqeyindən şəxsi maraqları üçün istifadə edib.
Mərkəzi İntizam Təftiş Komissiyasının Daimi Komissiyası aparılan araşdırmaların yekununda Lay Syaomini partiya üzvlüyündən məhrum edib, Dövlət Nəzarət Komitəsi isə onun ictimai vəzifədən uzaqlaşdırılmasına dair qərar qəbul edib. Onun qanunsuz yolla əldə etdiyi bütün aktivləri müsadirə olunacaq.
Qeyd olunur ki, Lay Syaominin qanun pozuntularına dair bütün sənədlər cinayət işinin açılması üçün prokurorluğa göndərilib.