Çin məhkəməsi Çande şəhərində avtomobili insanların üzərinə sürən sürücünü ölüm cəzasına məhkum edib.
“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
"2024-cü il dekabrın 23-də Hunan əyalətinin Çande şəhərinin Xalq Məhkəməsi Huan Venin işinə açıq baxış keçirib. Təqsirləndirilən şəxs ictimai təhlükəsizliyə təhdid yaradan cinayətə görə ölüm cəzasına məhkum edilib", - məhkəmənin qərarında deyilir.
Xatırladaq ki, Huan Ven bu il noyabrın 19-da Çande şəhərinin Dinçen rayonunda ibtidai məktəbin girişində avtomobili izdihamın üzərinə sürüb. Hadisə nəticəsində 18 məktəbli xəsarət alıb.
Daha əvvəl Çinin cənubunda yerləşən Quandun əyalətinin Çjuhay şəhərində oxşar hadisə baş verib - noyabrın 11-i axşam saatlarında 62 yaşlı Fan soyadlı sürücü avtomobili insanların üzərinə sürüb. O, hadisə yerindən qaçmağa cəhd göstərsə də, polis tərəfindən saxlanılıb.